Fotoları çəkdiyim məkan: Serengeti (Tanzaniya)
XALLI GİYENA (KAFTAR)
Bu biçarə heyvanın elə adı gələndə artıq adamın canına ürpəşmə düşür. Belə baxanda, düz eləyir düşür. Çünki aslanların şikarını caynaqlarından alıb özlərini isə ağaca dırmaşmağa məcbur edən, bəbirlərə meydan oxuyan heyvandır bu. Şaqqanağa bənzər çıxardıqları o səsdən adamın tükləri də biz-biz olur. Zahiri görünüşü də, maşallah, adamın ürəyini bulandırır. Amma bu o demək deyil ki, nifrət ediləsi heyvandır. Bir görəsiz necə balalarının qayğısına qalırlar, bəh!.. Ümumiyyətlə görək nə yeyib, nə içirlər bunlar?
➖ Qəribə də olsa, kaftarlar pişikkimilər dəstəsinə aiddirlər. Amma deməsəm də bilirsiz ki, pişik-filan deyillər. Kaftarlar elə kaftarkimilər ailəsindəndirlər. Yeri gəlmişkən, pişikkimilər dəstəsinə kaftarlardan əlavə, məsələn, manqustlar da daxildir.
➖ Kaftarlar haqqında ən çox yayılmış gop odur ki, onlar ancaq leşlə qidalanırlar. Bu, heç də belə deyil. Leş də olur e, amma acından lap qırıldıqları vaxt. Belədə isə onların menyularının 80%-ni leş yox, məhz ovladıqları şikar tutur.
➖ Kaftarın adı çıxınca – canı çıxsın. Daha bir gop da odur ki, onlar həmişə başqa vəhşi heyvanların ovlarına şərik çıxırlar. Arada o da olur. Amma çox vaxt aslanlar, məsələn, azsaylı kaftar dəstəsinə hücum edib onların da elindən halal əldə edilmiş ovunu ala bilirlər. Yəni arada bunlar da başıqapazlı olur.
➖ Kaftarlar saatlarla öz şikarını qovub onu əldən sala bilirlər. Öz sürətləri də saatda 65 km!
➖ Zolaqlı kaftarlardan başqa digər növlər matriarxatın tüğyan etdiyi sürülərdə yaşayırlar. Sürü başında həmişə alfa-dişi bərqərar olur. Elə bu alfa-xanım da digərlərdindən daha çox bala dünyaya gətirir. Hə, yadımdaykən deyim, kaftar quyruğu yuxarı gəzirsə, deməli, o, sürüdə yüksək sosial mövqeyə malikdir.
➖ Dişi kaftarlar erkəklərdən daha böyük və daha aqressiv olurlar.
➖ Dallarıyca danışmaq olmasın, dişi kaftarlarla erkək kaftarların cinsi orqanlarının zahiri görünüşü o qədər oxşardır ki, onları fərqləndirmək çox çətindir. Elə bunun ucbatından da Afrikaya səfər edən ilk bioloqlar yazıqların adına ad qoşub torbalarını tikmişdilər ki, bəs kaftarlar homoseksual əlaqələrdə sərbəstdilər…
➖ Öz yaralı həmkaftarlarına hər zaman qayğı göstərirlər, onları yeməklə təmin edir, digər vəhşi heyvanlardan qoruyurlar. Gördüz? Siz də deyirsiz yaramzdılar filan…
➖ Bala kaftarcıqlar gözləri açıq, artıq tam formalaşmış dişlərlə dünyaya gəlirlər. Alfa-dişidən doğulan balalar anaları kimi yüksək statusa malik olurlar. 1 ilədək analarıyla yuvada yaşayırlar. Sonra onlara qoşulub ova çıxırlar. Alimlər iddia edirlər ki, kaftarlar vəhşi heyvanlar içində ən qayğıkeş valideyndirlər. Aslanlardan fərqli olaraq, kaftarlar yemdən erkəkləri qovub ilk növbədə balaları qidalanmaq üçün qabağa buraxırlar. Özü də, bayaq dediyim kimi, balalarını 1 ilədək yedizdirirlər və hətta sonradan birgə ova çıxmaqlarına rəğmən, yenə də öz südlərini onlardan əsirgəmirlər.
➖ Ətdən savayı meyvə-tərəvəzlə də araları sazdır. Əsasən də qarpız-yemiş üçün sino gedirlər. Qoz-fındıq, müxtəlif toxumlara da «HƏ» deyirlər.
➖ Kaftarların çənəsi məməlilər arasında ən güclülərdən sayılır. Dişdəmlərinin təzyiqi 70 kq/kv sm-dir. Ən özünə hörmət edən sümüyü belə gəmirə bilərlər. Məsələn, yazıq zürafənin möhkəm ayaq sümüyünü.
Bu qəmgin notda gəlin sağollaşaq. Sağ olun.
P.S. Yadıma düşdü. Gecə çadırda yatmağa hazırlaşırıq. Çadırın da ətrafında kimsə var-gəl edib eşələnirdi. Səhər “məşhur zooloq” Elvin Rzayev deyir ki: “Eşidirdin, gecə inəklər buralarda hərlənirdi”. Savannada. İnəklər. Sonradan öyrəndik ki, kaftarlar qonaq gəlmişdilər.