Evivizin ən urvatsız guşəsinə vızıllatdığınız süpürgə var a – camaat onu yeyir e. Sizsə ev-eşiyin ən qara işlərini ona gördürürsüz. Çox harınlanmısız.
Adı da var – ikirəng sorqo. Təbii arealı Afrikanın şimalından ta cənubunadək uzanır. Belədə isə Amerika, Avstraliya, Hindistanda da bitirlər.
Dənlərindən, bayaq dediyim kimi, xalxın uşaqları qida kimi də istifadə edir, spirtli içkilərin hazırlanmasında da, süfrədə qalan qır-qırıntıları iləsə heyvanları yemləyirlər. B6, B1, B3 vitaminləri, karbohidrat, zülal, manqan, maqnezium, fosfor, kalium və sairlə vız vurur sorqonun tərkibi.
Qida kimi istifadə edənlər ondan çörək də hazırlayırlar. Tərkibində başqa dənli bitkilərdəkindən qat-qat çox müxtəlif fenol birləşmələri, nişasta var, özü də qlütensizdir. Onu niyə indiyənə kimi basıb yeməmişik – mənə çox müəmmalı qalır. Yeri gələndə ondan popkorn da hazırlayırlar. Çox praktikdir: günorta ev süpür, axşam da yaxala, qurut, popkorn elə qoy qabağıva seriala bax.
Ən çox Hindistanda ona yeyib-içmək gözü ilə baxırlar. Hindlilər ondan Hindistan lavaşı (bxakri, covar roti) hazırlayır, tunislilər süd, şəkər qatıb əsasən qış ayları üçün nəzərdə tutulan ənənəvi dro adlı yeməkləri ilə süfrələrini bəzəyirlər. Sizsə bəyənməyin, “süpürgə” deyib bir adını iki edin sorqonun. Mərkəzi Amerikada da qarğıdalısı qurtaran evdar xanımlar sorqoya pənah gətirib ondan çörək bişirirlər.
Dünyasında əcaib heç nəyi qida kimi istifadə etməyən Çin əhalisi istisna hal və sorqoya böyük ehtiramdan irəli gələrək ondan spirtli içki hazırlayır. Arağından tutmuş, ta likörunacan. Afrikanın bir çox ölkələrində isə sorqo pivəsi də çox yayılmışdır.
Avstraliya, Cənubi Amerika, ABŞ-da bizim kimi ağızlarının dadını bilmirlər. Götürüb sorqodan ev heyvanlarını yemləmək üçün, nəmm etanol istehsalında istifadə edirlər. Bəzi ölkələrdə sorqonun gövdəsinin başına min oyun açandan sonra şirəsindən yanacaq kimi faydalanırlar.
Sağlamlıq üçün də xeyri var sorqonun. Sağlam diş və sümük həsrətindəsiz? Saçınızın, dərinizin, dırnaqlarınızın qayğısına qalmaq istəyirsiz? Süpürgə yeyin! Çünki bütün bu sadaladıqlarımı səhmana salan silisiumdan zəngindir onun tərkibi. Qlütensiz zaddara marketlərdə bir ətək pul verincə sorqo dənlərindən ucuz-ucuz istifadə edin.
Amma gecə-gündüz sorqo üyüdən orqanizm mənfi fəsadlarla da kəllə-kəlləyə gələ bilər. Yəni gecə-gündüz ancaq süpürgə yemək də bir şey deyil. Ondan salamatı az miqdarda istifadə etməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir