Dünyanın ən çirkli çayı Qanq deyilmiş

Çayın adı çıxınca canı çıxsa yaxşıdır. Dünyada ən çirkli çay Qanq deyil. İndoneziyanın Yava adasındakı 300 km uzunluqlu Çitarum çayıdır.
Çitarumun da günləri olub!.. Gül kimi suyundan hamı adam balası kimi istifadə edirdi, flaminqolar, leyləklər ayaqqabılarını çıxarıb çaya girirdilər ki, aman gündür, tərtəmiz, şəffaf suyunu çirkləndirməsinlər. İnsanlar düyü sahələrini suvarmaq üçün onun suyuna pənah gətirirdilər.
Ötən əsrin 80-ci illərində adada sənayeləşmə xoddandı. Qısa müddət ərzində böyük şəhərlər salındı, çoxlu fabrik və zavodlar tikildi. Camaat da sevinirdi ki, güzaranları çiçəklənəsidi. Bircə biçarə Çitarum udqunub şoklara düşmüşdü. Kanalizasiya suyundan tutmuş ta fabrik-zavodlardakı zərərli tullantılaradək hamısını axıtdılar yazığın ağuşuna. Çay da döndü oldu urvatsız bir zibillik.
Hökumət də qaş düzəldən yerdə vurub kirpikləri tökdü. Götürüb çayda hidroelektrik stansiya da tikdi. Kübar çay abrına qısılıb “Gicsiz?!” sualını da verməyi mənliyinə sığışdırmayıb. Amma gərək verəydi. Çünki bu stansiyanın ucbatından çaydakı zir-zibil çayın axınının qarşısında yığılıb qalırdı və buna görə heç stansiyanın özü də əməlli işləyə bilmirdi.
Yaxınlıqdakı kəndlərdə yaşayanlar itin zülmünü çəkirlər. Başqa şirin su mənbəyi olmadığına görə onlar məcburən bu çayın suyundan ev-eşikdə, bostanları suvarmaq üçün, məişətdə, hətta yemək hazırlamaq üçün hələ də istifadə edirlər.
Bəzi adamlar bu ekoloji rüsvayçılıqdan az da olsa pul da qazanırlar: qayıqlarda çayı ələk-vələk edib tullantılar arasından nəsə tapıb satırlar.
Paylaş:

Çayın adı çıxınca canı çıxsa yaxşıdır. Dünyada ən çirkli çay Qanq deyil. İndoneziyanın Yava adasındakı 300 km uzunluqlu Çitarum çayıdır. Çitarumun da günləri olub!.. Gül kimi suyundan hamı adam balası kimi istifadə edirdi, flaminqolar, leyləklər ayaqqabılarını çıxarıb çaya girirdilər ki, aman gündür, tərtəmiz, şəffaf suyunu çirkləndirməsinlər. İnsanlar düyü sahələrini suvarmaq üçün onun suyuna pənah gətirirdilər.…

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir