Ən çox oxşarımız: oranqutan

Oranqutanı görəndə adam istəyir ona “Salam, qaqaş” deyib əl uzatsın. Yəni o qədər baxışı, duruşu, davranışı, ətrafdakıları nəzərdən keçirməyi bizə bənzəyir. Yalnız Kalimantan (Borneo) və Sumatra adalarında yaşayırlar hal-hazırda. Əvvəllər isə bütün Cənub-Şərqi Asiyaya yayılmışdılar.

Sumatrada bir xeylaq cəngəlliyi var-gəl edəndən sonra nəhayət onu gördük. Hündür ağacın lap kəlləsində idi. Gördü bizi. Elə yuxarıdan nəzər salıb potensial bananverən olduğumuza əmin olub yavaş-yavaş aşağı enməyə başladı.

Düzü, bir az vahiməli idi. Ən iri fərdlərinin boyu 1,5 m, çəkisi isə 50-90, hətta 100 kq-dək olur. Ona görə əvvəl bir az abrıma qısılıb məsafə saxlamışdım. Sonra “Dəymə mənə, dəyməyim sənə” prinsipinin aşiqi olduğunu görüb buraxdım özümü. Uzatdığım bananı həşirsiz, çox kübaryanə və bir qədər də soyuqqanlı götürüb qabığını soyur, əvvəlcə qabığın altında yığılıb qalmış yumşaq hissəni dişiylə qoparıb yeyirdi. Qabıqdan əl çəkib keçdi meyvənin özünə.

Yedikcə ətrafa, bizə elə nəzər salırdı ki, sanki “Çox da göydən getməyin, məndən artıq deyilsiz” demək istəyirdi. Yedi doydu, gəldiyi kimi də aramla qayıtdı ağacın üst qatına.
Oranqutanlar (malay dilindən tərcümədə “meşə adamı” deməkdir) həyatlarının çox hissəsini ağacda keçirirlər. 2 metrəlik əllərinin köməkiliyi ilə elə oralardaca hərəkət edir, hətta suyu da yarpaqlardan, ağac gövdələrindən içirlər. Yuvaları da ağacda olur. İri quş yuvası kimi. Ətrafında meyvə filan boldursa həmin yuvada bir neçə gün yaşayırlar. Əks halda hər gün bir başqa ağacda yenisini qururlar. Qurmağına da bir neçə dəqiqə vaxt sərf edilir.

Erkəklər 2-6 kv km-lik ərazilərini göz bəbəyi kimi qoruyur, tək gəzib-dolaşırlar. Cütləşmə dövründə eləcə 1-2 gün dişiylə kinoya zada baxıb yenə ayrılırlar. Dişilər isə arada yolüstü digər dişi ilə ayaq saxlayıb hal-əhval tuta bilərlər. Yeri gəlmişkən, dişilər 30 il ərzində dünyaya bala gətirmə potensialına malikdirlər. Hamiləlik dövrü 8-9 ay davam edir. Sonra da çəkisi 1,5 kq olan bala gəlib çıxır (nadir hallarda 2 bala).

4 yaşına qədər oranqutan körpə sayılır. Daha 4 il anasının ətəyindən əl çəkmir. Ona sonrakı həyatında faydalı olacaq hər şeyi anası öyrədir: yemək tapmaq və toplamaq, yıxılmadan ağacdan-ağaca keçmək və təbiətdə sağ qalmağın digər yazılmamış qaydaları. Yalnız 15 və 18 yaşdan sonra dişi və erkək fərdlər tam yetkin yaşına çatmış hesab olunurlar.

Ana qayğısının keyfiyyətindən asılı olmayaraq dişi nadir hallarda bütün həyatı boyu 4-5-dən çox uşaq böyütməyi bacarır. Körpələrin əksəriyyəti pnevmoniya, malyariya və digər ciddi xəstəliklərdən ölür.

Menyularında 400-dən çox komponent var, amma onun əsas hissəsini meşə meyvələri təşkil edir: rambutan, liçi, manqo, əncir. Durian üçün isə ürəkləri gedir. Zülal əlavələri kimi həşəratları (əsasən termitləri), quş yumurtalarını və cücələri, bəzən də leşləri də basıb yeyirlər.

Oranqutan insanlar üçün təhlükəlidirmi? Təhlükəlidir! Birincisi, yetkin bir primatın 32 dişi olan güclü çənəsi var. Dişi ilə rahatcasına qoz qabığını qıra, ona barmaq uzadan insanın elə uzadılanını qopara bilər. Hətta özünü müdafiə edən bala oranqutan da olduqca güclü dişləm sahibidir. İkincisi, orta boylu yetkin oranqutan adi insandan ən azı səkkiz dəfə güclüdür və əsəbiləşsə bir göz qırpımında asanlıqla biz yazığı boğa bilər.
Ümumiyyətlə isə oranqutanın gözünün içinə marıtdıyıb baxmasaq (heyvanlar aləmində bu, aqressivliyin təzahürüdür) və ya icazə verilən məsafəni pozaraq onları təhrik etməsək, özlərini lap da ismətli aparırlar.

Təbiətdə oranqutanlar maksimum 35-40 ilə qədər yaşayırlar.

Müxtəlif ekspertlərin fikrincə, Yer kürəsində 20 mindən az, bəlkə də 15 minə yaxın vəhşi oranqutan qalıb.
İndoneziya cəngəlliklərinin 70%-dən çoxu artıq kəsilib, yerdə qalan ərazilər təxminən 100 milyon hektar ərazini əhatə edir və hər il 2 milyon azalır. Üstəlik Kalimantan oranqutanlarının 90%-i sarılıq, vərəm, qrip və digər “insan” xəstəliklərindən əziyyət çəkir…

Eyni dərəcədə ciddi təhlükə qeyri-qanuni ev heyvanları ticarətidir. Yetkin bir heyvanı tutmaq mənasızdır (yeni mühitə öyrəşməyəcək, tezliklə öləcək), buna görə də brakonyerlər tərəfindən körpə fərdlər anaları öldürülərək götürülür. Vəziyyətə təsir etmək üçün dünyanın aparıcı zooparkları qaçaqmalçılıq yolu ilə gətirilən oranqutanların alınmasını qadağan edən konvensiyaya əməl edirlər.

Nəsli kəsilməkdə olan oranqutanlar Qırmızı Kitaba düşüblər. Bununla belə, Sumatrada oranqutanların sayı hər il 1000 fərd azalır, Borneoda isə bu rəqəm daha acınacaqlıdır. Möcüzə baş verməsə 10-20 ildən sonra bu böyük kürən meymunu görmək yalnız zooparkda mümkün olacaq.

Fotoları çəkdiyim məkan: Sumatra adası

Paylaş:

Oranqutanı görəndə adam istəyir ona “Salam, qaqaş” deyib əl uzatsın. Yəni o qədər baxışı, duruşu, davranışı, ətrafdakıları nəzərdən keçirməyi bizə bənzəyir. Yalnız Kalimantan (Borneo) və Sumatra adalarında yaşayırlar hal-hazırda. Əvvəllər isə bütün Cənub-Şərqi Asiyaya yayılmışdılar. Sumatrada bir xeylaq cəngəlliyi var-gəl edəndən sonra nəhayət onu gördük. Hündür ağacın lap kəlləsində idi. Gördü bizi. Elə yuxarıdan nəzər…

Paylaş:

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir