Məşhur Tripadvisor platforması dünyadakı çimərliklərin TOP-10-luğunu müəyyən etmək üçün öz istifadəçiləri arasında sorğu keçirib. Sizin də bir ayağınız oralarda olduğu üçün siyahıyla tanış etməyi qərara aldım.

2023-cü ilin nömrə 1 çimərliyi Braziliyadakı “Baía do Sancho” seçilib. Fernandu-di-Noronya adasındakı, yadınıza düşdü yəqin. Firuzəyi suyuna, qorunub saxlanmış ekomühitinə və sualtı biomüxtəlifliyinə görə seçiblər buranı. Bu sularda krablar, delfinlər, skatlar, rəngarəng balıqlar vız vurur.

Ən sevindirici məqam da odur ki, bu çimərliyə çox rahat gedib çıxa bilərsiz. Materikdən cəmi 300-cə km məsafədə yerləşir. Bir az dənizlə üzmək lazım gələcək, sonra adadakı meşəni keçmək və nəhayət qayalıqla üzü aşağı düşmək. Körfəzə girişə də məhdudiyyət var deyə ora çatanda çimərliyə buraxmaya da bilərlər. Buraxmazlar qayıdarsız da.

2-ci yerdəki çimərlik Karib adası olan Arubadakı “Eagle Beach”dir. O lap yaxındı. Bakıdan 11474 km. Yumşaq ağ qum, firuzəyi rəngli su, palmalar filanlar. Gəzə-gəzə gedin, eyniniz açılsın, qayıdın.

3-cü yeri Qərbi Avstraliyanın liman şəhəri olan Brumdakı “Cable Beach” tutur. Meqa çimərlikdir özü də, uzunluğu 22 km. Özəllik olaraq dəvələr üzərində gəzinti və nəyə görəsə timsahlar qeyd edilir. Elə sonuncu özəlliyə görə də çimərliyin bəzi yerlərində bələdçisiz sülənməyə qadağa qoyulub.

4-cü yerdə İslandiyadanın Vik şəhərindəki “Reynisfjara”dır. TOP-10-a düşən qara qumlu yeganə çimərlikdir. Çimmək də məsləhət deyil. Eləcə dəyib qayıdarsız da. Avtomobillə Bakıdan 123-cə saata çatmaq olar. Sahilboyu çox vaxt fırtınalar olur, dalğaların hündürlüyü 40 metrədək çata bilər. Daha çox ekstremallar, fotoqraflar, ornitoloqlar üçün marağlı yerdir. Hə, bir də “Game of thrones” serialının pərəstişkarları üçün. Bəzi səhnələri burada çəkilib.

Dünyanın o başındakı Turks and Caicos adalarının “Grace Bay” çimərliyi 5-ci yerdədir. Bura baş çəkənləri də firuzəyi rəngli ilıq suyu valeh edib. Ərinməyib “cənnət çimərliyi” də deyirlər ona.

6-cı yerin yiyəsi Portuqaliyanın cənubundakı “Praia da Falésia” çimərliyidir. Rəngli qayalarına görə el-obanı məftun edib. Baxdım. Elə də rəngli deyilmişlər. Məftun zad da olmadım. Bəs siz?

7-ci yerdəki “Radhanagar” çimərliyi Hindistanın Havlok adasındadır. Heyranedici qürubuna görə. Şəxsən mən olsam ancaq qüruba görə durub getmərəm ora.

8-in yiyəsi Siciliya (İtaliya) adasındakı “Spiaggia dei Conigli” çimərliyidi. Eləcə şəffaf suyuna, yumşaq qumuna və gözəl mənzərəsinə görə camaatı tovlayıb gətizdirir.

9-da Kubanın “Varadero” çimərliyi, 10-da da Havay adalarındakı “Ka’anapali Beach” lövbər salıblar.

Görün hansı rahatdısa 2-3 saatlıq da olsa dəyin qayıdın.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir