Oturmusuz gül kimi pandemiyalı XXI əsrdə, ötən əsr heyvanlarının çəkdiyi müsibətlərdən xəbəriniz yoxdur. İtindən, siçanından, qarışqasından tutmuş, ta ki xoruz-inəyinəcən hamısının günləri qara olub.
1924-cü ildə bir qubernatorun qonşuluğunda Pep ləqəbli labrador-retriver cinsindən bir it yaşayıbmış. Günlərin bir günü, nastroyeniyası zor olan moment bu Pepin itdiyi tutub, gedib qubernatorun pişiyini böyrü üstə qoyub. Əsəbi qubernator bağırıb “Verin o Pepi mənə cırıq-cırıq eləyim! Verməsəz məhkəməyə müraciət edəcəm” deyib. Pep də qayıdıb ki: “Dəlisən? İtəm e mən, nə məhkəmə?!” Yazıq Pepə qoz qoyan olmayıb, basıblar Filadelfiya türməsinə. C2559 nömrəli məhbus kimi qeydiyyatdan keçib və görmədiyi günlərini yaşayıb: o sığal çəkir, bu sığal çəkir, havayı yeyb-içmək, gəzmək… 1930-cu ildə həyatından razı Pep öz xoduyla türmədə qocalıb ölüb.
Orta əsrlərdə donuzların xasiyyəti tünd olub, çox vaxt balaca uşaqlara hücum edirmişlər. 1457-ci ildə Fransada bir ana donuz və onun 6 balası 5-yaşlı uşağa qəsdən və bəd niyyətlə hücum etməkdə günahlandırılaraq məhkəməyə veriliblər. Balaları and-aman eləyiblər ki: “Bizlik deyil. Mamanın nəsə beyni çönmüşdü, ondan soruşun”. Soruşublar və nəticədə mamalarını cani qismində arxa ayaqlarından asıblar. Bala donuzların yiyəsinə də deyiblər ki, girov qoyub aparsın onları evinə. O da agah edib ki, birincisi, onun girov qoymağa pulu yoxdur, ikincisi də donuz balalarının gələcəkdə özlərini ismətli aparacaqlarına zəmanət verə bilməz. 3 həftədən sonra məhkəmə olub. Balaların yaşını nəzərə alaraq və onların günahkar olduqlarını sübuta yetirən əsaslı dəlillərin olmamasına görə cəzalandırmaqdan vaz keçib veriblər onları yerli zadəganlardan birinə.
Bu yenə yaxşıdı, 1474-cü ildə Bazeldə bir xoruz oturduğu yerdə zibilə düşüb. Boynuna qoyublar ki, o… yumurtlayıb. Özü də yumurtasının sarısı yoxdur. O vaxtkı zadlara görə də bu cür yumurta şər qüvvələrlə cici-bacılıqdan sonra peyda olur və həmin yumurtadan gələcəkdə qanadlı ilanlar dünyaya gəlir. Xoruzun bu ittihamdan qanadı dimdiyində qalır. İş o qədər ciddiləşir ki, hətta xoruzun vəkili də onu müdafiə etməkdən çəkinir. Belə əlüstü deyir ki, bəs, xoruz bəd niyyətlə yumurtlamayıb. İnanmayıblar. Xoruzu geniş izdiham qarşısında yumurtalarıyla birlikdə tonqalda yandırıblar.
Üstündən 500-cə il keçəndən sonra 1974-cü ildə məhkəmə bekar qalıb xoruza bəraət qazandırıb.