Quşların demək olar ki, hamısı çox ailəcanlı olurlar. Yumurtaların qayğısına dişiylə dimdik-dimdiyə erkək də qalır. Hətta o qədər balacanlı olurlar ki, başqa quşların da övladlarına yiyə durmağa hazır olurlar. Yəni bu razmerdə fədakar valideyndirlər.
Amma bəzi quş növləri var ki, işləri-gücləri müqəddəs valideyn adına ləkə yaxmaqdır. Məsələn, ququ quşu (qu quşu yox a!). O nağıllarda-filanda “ku-ku” səsi gələndə hamısı ağzını ayırıb saymağa başlayır e ki, neçə dəfə “ku-ku” eləsə, deməli, o qədər də yaşayacam. Bax, o ququ quşu. Yeri gəlmişkən, o “ku-ku” edən ancaq adi ququ quşu növüdür, o da Rusiyada yaşayır. Qalan növləri o səsi çıxarmır. Nəysə e, neymizə lazım kim nə səsi çıxarır. Söhbət başqa söhbətdir.
Deməli bu ququ quşunun ki, 130 növü var, onların 80 növü ana, tem boleye ata adına naxələf çıxır. Bunun analıq borcu yumurta peyda olanacandır. Yumurta dünyaya qədəm qoyanda onun içindəki bala fərəhlə “anam mənim!” deməyə macal tapmamış ana olan bəndə bu yumurtanı aparıb vızılladır başqa növ quşun yuvasına. Nə qırt düşməyi, nə yumurtadan çıxan balaya xalxın quşları kimi yemək verməyi forsuna yaraşdırmır.
O həm forsludur, həm də aferistka. Deyim niyə. Ququ quşunun öz ölçüsü təqribən bildiyimiz göyərçin boyda olur. Minnətlə dünyaya gətirdiyi yumurtaların ölçüləri isə bapbalaca. Niyə? Çünki əvvəlcədən bilir hansı quşun yuvasına tolazlayacaq onu və həmin quşun öz halalca yumurtalarının ölçüsünə uyğun yumurta istehsal edir ki, balalarına yiyə duracaq quşlar duyuq düşməsinlər. Özü də əvvəlcədən müşahidə edib qeydlərini aparır ki, görsün hansı növ quş bunun yediyindən yeyir ki, balaları yumurtadan çıxanda birdən, Allah eləməmişkən, menyuda başqa yemək olar, balaları ac qalar. Guya ana olub analara qoşularaq gələcək balalarının qayğısına qalır.
Bu hələ azmış kimi əvvəlcədən elə quş növü seçir ki (məsələn, Quyruqsallayan quşunu), yumurtalarının rəng və forması həmin quşun öz yumurtalarından fərqlənməsin. Belə olmasa, balalarının ögey valideynləri duyuq düşüb ququ quşunun yumurtalarını öz yuvalarından tullaya bilərlər.
Atada da az yoxdu. Müştərək iş görürlər. Ər-arvad qoşalaşıb hansısa quşun yuvasını gözaltı edirlər. Bundan sonra yuvanın yanında ər başlayr şıllaq-atıb düşüklük eləməyə, ev yiyəsi əlində popkorn ağzını ayırıb ona tamaşa etməyə başlayır. Bu moment dimdiyi dimdiklər görmüş dişi ququ quşu cəld öz yumurtasını yuvaya vızılladır, say düz gəlsin deyə yuvadakı başqa bir ədəd yumurtanı ya yerə atır, ya da dimdiyində aparıb harasa vızılladır. Bu tükürpədici ailəvi aferistlik 10-15 saniyə ərzində baş verir. Bundan sonra ata özünü yığışdırıb uçub gedir. Yuvanın yiyəsi da popkornu kənara qoyub yumurtaların qayğısına qalmağa davam edir və heç ağlına da gətirmir ki, istəmədən hansısa meşə qızının balasına da yiyə durub artıq.
Ana aferistka, ata moşennik və heç ola bilərmi ki, bala ismətli olsun? Qətiyyən! Ququ quşunun balasının embrionu öz ögey bacı-qardaşlarından daha tez inkişaf etməyə başlayır. 11-12 gündən sonra yumurtanı söküb çıxandan sonra avtomatik olaraq yuvada nə ki yumurta var – hamısını atır aşağı bu südəmərimiz (yuvanın öz halal yumurtasındakı balalar yalnız 18-20 gündən sonra çıxır). Özü də belə şairanə şəkildə: gillədir yumurtanı boynunun arxasına, ordan da ya Allah – aşağıya (videodakı kimi). Yəni bu bir refleksdir artıq: yumurtadan çıxan kimi böyür-başında nə var – hamısını atır aşağı. Elə ata-anadan bundan artıq övlad dünyaya gəlməyəcəkdi ki… O balaca aferist bilir ki, belə etsə ögey valideynlərinin daşıyıb gətirdikləri naz-nemət ancaq buna qismət olacaq. Çünki 5-6 ögey bacı-qardaşının yediyini bu tək canıyla yeyir.
Ququ quşu tərəfindən bu cür loxlanan quş növünün sayı 180-dəkdir. Amma əsasən daha kiçik ölçülü 20 növünə üstünlük verirlər. Xırda quş növlərini də ona görə seçirlər ki, duyuq düşüb bunlara etiraz bildirəndə at kimi üzlərinə durub “Az, get özüvü dola” deməyə cəsarətləri çatsın.
Vaxtıylə ququ quşunun öz anası bunu yumurta şəklində hansı növ quşun yuvasına atmışdısa, bu da öz yumurtasını məhz o növ quşun yuvasına atır. Xalxın yuvasında böyüyüb başa çatınca oranın hər cikini-bikini öyrənir: nə yeyib-içirlər, digər yumurtalar nə rəngdə idi və s. və özü də ana olmağa hazırlaşanda bütün bu incəlikləri nəzərə alır, yumurta istehsal edəndə də artıq onu vızılladacağı yuvadakı quşların yumurtası rəngdə dünyaya gətirir ki, o birilərdən fərqlənməsin.
Bəs niyə belə edir bu vicdansız ququ quşu? Onun fikrincə, yuva qurmasa, qırt düşməsə, balalarının qayğısına qalmaq üçün vaxt ayırmasa, öz növündən olan quşların sayının daha çox olmasına səbəb olacaq. Yəni doğ, tulla kiminsə yuvasına və əmin ol ki, həmin bala sağlam boya-başa çatacaq. Yeri gəlmişkən, ququ quşunun balası getdikcə ölçüdə ögey ananın ölçüsünü də qat-qat keçir (foto). Yazıq “ana” bəzən məcbur olub balanın kürəyinə də çıxır ki, bunu yemləsin.
Göründüyü kimi, bu proses (yuva parazitizmi) çox məşəqqətlidir. Buna baş qoşmaq üçün sıravi quşbeyin quş olmaq kifayət deyil. Gərək təbiətdən sanballı aferistlik kursu keçəsən. Ququ quşu kimi.