Bu yazığa bu cür ad yox, elə nömrə qoysaydılar ondan urvatlı olardı. Məsələn, 456 nömrəli quş. Yoxsa – kül rəngli qurbağaağız!.. Bu adı 35-53 sm-lik canla necə daşıyasan axı? Dimdiyini açanda ağzı qeyri-adi dərəcədə enli göründüyünə görə belə adlandırılıbmış.

Avstraliyanın, Tasmaniyanın bənzərsiz faunasının daha bir nümayəndəsidir. Çəkiləri 1,4 kiloqramadək olanı ən toppuşu sayılır və belə harınlanmış fərdlər ancaq zoopark filanda olur. Vəhşi təbiətdəkilərin çəkisi, adətən, 200-600 qramadək olur.

Rəng çalarlarının hesabına ətraf mühitdən çətin seçilirlər. Bu səbəbdən o sizə, siz ona baxa bilərsiz, amma yenə də onu görməyə bilərsiz.

Gündüzlər yatıb dincələn, gecələr erkək aslana dönən bu quşcuğaz soxulcan, hörümçək, ilbiz və başqa onurğasızlarla yanaşı kiçik gəmiricilər, sürünənlər, hətta balaca quşlarla qidalanır. Arada adına naxələflik edib qurbağa da yeyir. Bayquşa da oxşayır. Amma uzağdan. Şikarını bayquşlardan fərqli olaraq caynağı ilə yox, dimdiyi ilə tutur.

1-3 yumurta qoyurlar. Hansılarının ki, 30 günədək növbəylə gah ataları, gah da anaları qayğısına qalır. Balalar dünyaya gələndə də bu cür ailə podrat üsuluyla bala böyütmək dəbdən düşmür. Valideynlərini bir-birilərindən yalnız ölüm ayıra bilər.

Yuvası biabırçı dərəcədə sadədir. Bir neçə çöpü alabaşına-külbaşına budağın üstünə yığıb “daşınmaz əmlak” elan edir. Güclü küləkdə yumurta və balaların yuvadan təpəsi üstə gəlməsi əsas təhlükələrdəndir.

Soyuq gecələrdə bədən temperaturunu və maddələr mübadiləsini aşağı salaraq qısamüddətli torpor vəziyyətinə düşüb hərəkətsiz və keyimiş kimi görünür, sanki özünü “enerji qənaəti” rejiminə keçirir.