Bu yazığa bu cür ad yox, elə nömrə qoysaydılar ondan urvatlı olardı. Məsələn, 456 nömrəli quş. Yoxsa – kül rəngli qurbağaağız!.. Bu adı 35-53 sm-lik canla necə daşıyasan axı?

Avstraliyanın, Yeni Qvineyanın və Tasmaniyanın bənzərsiz faunasının daha bir nümayəndəsidir. Çəkiləri 1,4 kiloqramadək olanı ən toppuşu sayılır və belə harınlanmış fərdlər ancaq zoopark filanda olur. Vəhşi təbiətdəkilərin çəkisi, adətən, 800 qramadək olur.

Rəng çalarlarının hesabına ətraf mühitdən çətin seçilirlər. Bu səbəbdən o sizə, siz ona baxa bilərsiz, amma yenə də onu görməyə bilərsiz.

Gündüzlər yatıb dincələn, gecələr erkək aslana dönən bu quşcuğaz yalnız həşəratlarla qidalanır. Çox nadir hallarda adına naxələflik edib qurbağa da yeyir. Bayquşa da oxşayır. Amma uzağdan. Şikarını bayquşlardan fərqli olaraq caynağı ilə yox, dimdiyi ilə tutur.

2-3 yumurta qoyurlar. Hansılarının ki, 30 günədək növbəylə gah ataları, gah da anaları qayğısına qalır. Balalar dünyaya gələndə də bu cür ailə podrat üsuluyla bala böyütmək dəbdən düşmür. Valideynlərini bir-birilərindən yalnız ölüm ayıra bilər. Həm də qurduqları yuvaya da ömürlərinin axırınadək sədaqətli olurlar. Lazım olanda təmir işləri aparırlar, amma tərk etmirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir