Avstraliyaya avstraliyalıq verən possum

Avstraliyaya avstraliyalıq verənlərdən biri də bu cığazdı – tülkükimi possum (və ya fırçaquyruq). IX əsrdə Yeni Zelandiyaya da təyinat alanları olub aralarında.

32-58 sm-lik bədəni (quyruğu 35 sm), 2,5 kq-lıq əndamı var bunun. Xəzləri çox yumşaq və sıxdır. Elə xəzlərinə görə də bir vaxtlar yerli əhalinin əsas gəlir mənbəyinə çevrilmişdilər. Yazıqlar özü də elə astagəldilər ki, ağaca dırmaşmaqla bir balaca arası saz olan istənilən kəs qapazlayıb apara bilər bunları. Təhlükə duyunca aradan çıxmaq əvəzinə quyruqları ilə budağdan sallanıb tərpənmirlər. Öz aləmlərində guya görünməz olurlar da belədə.

Bir ara onların ovuna qadağa qoyulmuşdu. 1947-ci ildə Yeni Zelandiya hökuməti bu qadağanı aradan qaldırdı. İl ərzində insanlar tərəfindən 1,5-3 milyon possum tutulur. Xoşbəxtlikdən populyasiyalarına bu rəqəm zərər vermir. 1906-cı ildə London və Nyu York bazarlarında “Avstraliya opossumu”, “Adelaida şinşillası” adı ilə 4 milyonadək bu biçarələrin xəzləri satılıb.

Çox rahat əhliləşirlər. Əhliləşmişləri özlərini çox ismətli aparırlar. Dişləmirlər, cırmaq atmırlar. Qidaları ilə də problem yaratmırlar. Yarpaq, meyvə, giləmeyvə, arabir həşərat, bir sözlə, kasıbın olanından nə verilsə – yeyib razı qalacaqlar. Bir dənə “əmma”ları var, o da biədəb qoxularıdı. Elə buna görə də ev şəraitində onları saxlamaq istəyənlərin sayı azdır. Amma yox. Təkcə bu deyil səbəb. Həm də çox mal, tənbəl olub ətrafda baş verənləri veclərinə belə almadıqlarına görə də insanların evlərində saxlamaq istədikləri heyvanlar siyahısına nadir hallarda düşürlər.

Toy sezonları daha çox yaz və payız aylarına təsadüf edir. Ərazidən asılı olaraq digər aylarda da vur-çatlasın olur. Toy ərəfəsində dişilərin beyinləri çönür, erkəyi 1 metr məsafədən yaxın buraxmırlar. Yazıq erkək də neyləsin? Aferistliyə əl atır. Bala possum səsi çıxarmağa başlayır. Dişi də yaxınlaşıb bala əvəzinə bu yekə eşşəyi görüb aradan çıxmaq istəyincə iş-işdən keçir. Erkək də zaddan sonra tezbazar qaçır gedir və bir də gözə görsənmir.

16-18-cə gün davam edir hamiləlik dövrü. Bir bala dünyaya gəlir. Elə yaxşı ki, 1-dir. Əks halda hər 18 gündən bir bunları yığıb yığışdırmaq olmazdı. Balanı ana yarım ilədək südlə yedirdib öz kisəsində gəzdirir. Kisəni tərk edən bala hələ bir müddət anasının belində məskən salır. 6-10 aylığında ana süd təchizatını kəsir, bala da müstəqil həyata qədəm qoymağa məcbur olur.

Tülkükimi possum Avstraliya və Yeni Zelandiyada zərərvericilər siyahısına aid edilib. Ağaclara, plantasiyalara çox ziyan vurur, mal-qaralara da onlardan hətta vərəm xəstəliyi də keçirmiş.

Saylarının azalma təhlükəsi yoxdur. 13 ilədək yaşayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir