Ulduzumuz da az aşın duzu deyilmiş…

Dəniz ulduzunu ilk dəfə Zənzibarda gördüm. Gözəl görkəmli, amma dilsiz-ağızsız, elə oturduğu yerdə oturub gözümüzü oxşayırdı. Dəqiqədə 10-30 sm məsafəni güclə qət edir, öz yaşadığı ərazidən maksimum 500 m kənara gedib çıxa bilir.

Biləndə ki, qanı yoxdur – nəbzim silkələndi (əvəzində su damar sistemi inkişaf edib). Yazığım gəldi. “Beyni də yoxdur” deyəndə bu dəfə nəbzim kədərdən kişnədi. Kövrələsiyim gəlib az qala bağrıma basacaqdım onu. Amma sən demə, ulduzumuz az aşın duzu deyilmiş… Xüsusən də nəsil artırmaq prosesini bilincə nəbzim çolkasını arxaya atıb gözünü süzdürdü ki “Budu yazıq?” Bu haqda bir qədər sonra.

Ümumiyyətlə dəniz ulduzunun CV-si handa bir filin, balinanın, aslanın tərcümeyi-halından zəngindir. 1500-dək növü olan və yırtıcı heyvan sayılan bu ulduzlar hələ 400 milyon il əvvəl okean sularından dinozavrlara göz-qaş oynadıblar. Bəzi növləri 30 ilədək yaşayırlar. Balıq deyillər. Aseroidealar sinfinə aid edilən iynədərilidirlər.

Ölçüləri bir neçə santimetrdən ta 1 metrədək ola bilər.
Nəfəs almaq üçün ağ ciyər və qəlsəmələri yoxdur. Bədənlərinin üst tərəfindəki xüsusi törəmələr vasitəsiylə nəfəs alırlar.

Əsasən, beşguşəli olurlar, amma bəzi növlərində bu guşələrin (qol deyək) sayı 20 və daha çox olur. Özü də bu qollar o bildiyiniz sıravi qollardan deyil. Nələr varmış bu qollarda: mədənin həzm ifrazatları, cinsi orqanlarının çıxıntıları, gözləri… Yeri gəlmişkən, gözdən bol olsalar da onlar yalnız işıqlıq və ya qaranlığı seçməyə xidmət edir.
Hər qolunda sorucu buynuzlar var və onların hesabına da suyun dibiylə hərəkət edirlər.

İndi də gəlin hoqqalarından danışaq. İlk hoqqası təhlükəli hal olunca əl-ayağını götürüb bir kənara vızıllatmasıdır. Əməllicə qoparıb atır. Tullayır ki “Siz Alah, baxın görün nə gündəyəm, mənim nəyimi yeyəcəksiz? Aclığınız da varsa gedin elə o tulladığlarımı yeyin. Onsuz da maksimum 1 ilə təzələri çıxacaq”. Buna regenerasiya deyirlər. Cavan fərdlərdə Allah əvəzini daha tez verir, yaşlılarda – il ərzində. O tullanmış hissələr var a – onlara da dəyib-dolaşan olmasa bəzən yenidən tam bir dəniz ulduzuna çevrilə bilirlər.

Gəldik çıxdıq nəsil artırmaq söhbətinə. Sən demə, xalxın dəniz ulduzları əhval-ruhiyyəsindən asılı olaraq bir neçə üsulla bunu edirlər.
Hərdən olur da əlində vacib işi olur və bu dəmdə də nəsil artırmaq təəbi gəlir. Belə momentdə dəniz ulduzcuğumuz birləşdirici liflərinin yumşaldılması nəticəsində bir neçə hissəyə bölünür və ya qollarını yenə səpələyir böyür-başına. Fraqmentasiyanın biri bir qəpikdən!.. Bu bölünmüş hissələrdən və səpələnmiş əl-ayağdan tam bir hallıca dəniz ulduzu yaranır. Ümid edirəm, əliniz üzünüzdə qaldı.

Amma belə bekar vaxtlarında adam kimi cinsi yolla da çoxalırlar. Hər ayağının başlanğıc hissəsində bir cüt cinsiyyət hormonu olur ki, bala həsrətiylə erkək və dişi fərdlər bu ayağlarını birləşdirərək bir-birilərini yola verirlər. Bu cür ismətli yolla bala istehsal edənlərdə 200 milyonadək kürü olur.

Arada özlərinə kənardan tamaşa edib fikirləşiblər ki, hoqqa nəsə elə bil biraz az oldu. Bunun nəticəsində də bəzi dəniz ulduzlarında həm erkək, həm də dişi cinsiyyət orqanları olur. Hər ehtimala qarşı. Okeandı da, birdən lazım olar. Bu cür ulduzlar külfətlərini kiçik torbalarında və ya bellərindəki xüsusi dəlikdə saxlayırlar.
Bununla kifayətlənməyən dəniz ulduzları həyatlarına rəng qatmaq üçün bir də gördün qəfil cinslərini də naxodu dəyişirlər. Elə bil səhər işə evdən kadın kimi çıxır, günorta obedə qayıdanda uje kişi olur.

Dəniz ulduzlarından çəkdiyimizi çəkdik artıq, ona görə daha yeyib-içməkləri, balalarının vid-fasonları barədə yazmıram. Lap uzun çəkəcək. Amma yox. Qeyd etməliyəm bir şeyi. Mədələri 2 ədəddir. Biri xarici, biri daxili. Bədəninin alt tərəfində olan ağzı balaca olduğuna görə hər qidanı ora dürtə bilmir. Bu moment mədə po-bratski onun köməyinə gəlir. Elə ağzından çölə tullanılır (mədə e!), tutulmuş qidanı, demək olar ki, püre halına salır və qayıdır gəldiyi yolla geri, ötürür püreni içəridəki 2-ci mədəyə. O da həzm eləyir.

Siz Allah, qoy gedim üzüsulu.

P.S. Planetin qabağında gözükölgəli olmamaları üçün karbon qazını udur, suyun dibindəki çürüntüləri, daha zəif və xəstə dəniz əhlini yeyirlər. Yenə sağ olsunlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir