Ağır xasiyyətli çau-çau

Çau-çau elə bil ayı balasıdı da, al qucağıva bəslə balan kimi. Əslində, elə çox gözəgəlimli və şirindir. Amma di gəl xasiyyəti çox tünddür. Ən ağır xasiyyətli, dominantlıq etməyi xoşlayan it cinsləri siyahısındadır bu çau-çau. Vaxtında təlim-tərbiyəsi ilə yüksək səviyyədə məşğul olmasalar, bir az iriləşən kimi evdə qayda-qanunu diktə edəcək, yiyəsini külli miqdarda problemlə üzləşdirib bir despota çevriləcək. Ona görə çau-çauya yiyə durmaq istəyən insan ilk növbədə özü güclü xarakterli birisi olmalıdır.

Öz xozeyninə çox sadiq itdir. Ailənin digər üzvlərinə və hətta ondan başqa evdə heyvan varsa – onlara qarşı da çox mehribandır. Amma bir şərtlə ki, onlarla birgə böyüyüb. Yiyəsi uğrunda ölümə belə hazırdır. Elə ki, iş gəlir tabe olmağa – canını azzar alır, verilən komandaları həmən yerinə yetirməyə tələsmir. Çox məğrur, tərsxasiyyətli çau-çau özünə qarşı hörmət tələb edir, mənliyinə xor baxmağı xoşlamır. Vidindən oyuncağa oxşasa da ciddilik, hökmranlıq, öz qədr-qiymətini bilməyi onu bir çox cinslərdən fərqləndirir. Amma bir balaca balbesliyi də var: 80 ən ağıllı it cinsləri siyahısında 77-ci yerdədir. Ona görə də onları əhliləşdirmək qəliz məsələdi. Zato təmizlik üçün sino gedirlər.

Tanımadığı insanlara, evə gələn qonaqlara çox da üz göstərmir. Əsas problem odur ki, bu cinsdən olan itlər özləri düşünüb qərar verməyə öyrəşiblər. Küçədə-bacada gəzdirəndə də diqqət etmək lazımdır ki, bu tüklücənin həndəvərində digər it-pişiklər hərlənməsin, çünki anidən onlara hücum edib aqressivliyini ortalığa qoya bilər. Amma körpə çağından düzgün tərbiyə edilsə o qədər də itsifət olmaya bilər.

Əsil-nəcabətləri Monqol çöllərindən və Şimali Çindən gəlir. Nəsli kəsilmiş qütb canavarından törənmələri iddia olunur. Minillik tarixçələri olan çau-çauları eninə-uzununa müxtəlif məqsədlər üçün istifadə edirdilər: keşikçi kimi, ov məsdəqi ilə, çoban iti kimi, ev heyvanı kimi. O vaxt kasıb-kusub onu basıb yeyir, xəzlərindən də əyin-baş tikirdilər. Daha sonra isə imkanlı imperatorların delikatesinə də çevrilmişdilər. Amma bu cinsin ilk qeydinə qalanlar da elə buddist monaxları olub. Məhz onlar çau-çauların handa bir təmiz cins olmaları üçün dəridən-qabıqdan çıxıblar.

İri fərdlərin çəkisi 20-33 kq, boyları da 46-56 sm olur. Onları saxlamaq üçün ən ideal şərait – həyət evidir. Təbii ki, gündən qorunmaları üçün xüsusi yerin və bolluca təmiz sərin suyun olması şərti ilə, çünki günəş istisinə tab gətirmirlər. İkiqat xəzləri onları şaxtadan qoruyur, amma isti havada çau-çau üçün əməllicə saunaya çevrilə bilərlər. Sifətləri uzundur deyə dərindən nəfəs alıb bədənlərinin temperaturunu tənzimləyib onu sərinlədə bilmirlər. Həddindən artıq istilik ucbatından ölə də bilərlər. Bunun baş verməməsi üçün həmişə əllərinin altında sərin suları olmalıdır, isti havada yetərincə sərin (kondisionerli də ola bilər) yerdə saxlanmalıdır, günün altında olan avtomobildə qoyub getmək olmaz, ümumiyyətlə isti havada onları hər hansı nəqliyyat növü ilə harasa aparmaq məsləhət deyil. Yay aylarında sübh tezdən və ya axşam vaxtı gəzdirilməsi məsləhətdir.

Qida allergiyasına çox meyllidirlər. Ona görə də yeməklərində bir balaca dəyişiklik ediləndə mütləq onların reaksiyalarına fikir vermək lazımdır.

Təmiz cins çau-çauların 5 mütləq cəhəti olmalıdır:
1. çox sıx tükləri;
2. qara və ya tünd göy rəngdə (hətta bənövşəyi) dilləri;
3. tüklü və qatlanmış quyruqları;
4. düz 90 dərəcə bucaq altında arxa ayaqları;
5. kiçik, başlarına perpendikulyar qulaqları.

Tənbəllikləri də var. Qəribə də olsa, çox vaxt yiyələrinin həyat tərzini kopiyalayırlar. Ona görə çau-çau yiyəsi özü gərək aktiv həyat tərzi sürsün ki, bu da ona baxıb ibrət götürsün. Yeri gəlmişkən, passiv həyat tərzi onun ölümünü də tezləşdirə bilər.

15 ilədək yaşayırlar.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir