“Quşbeyin” sözü artıq kompliment kimi işlənməlidir. Çünki…

O, çox adiləşib gözümüzdə. Adını da belə bir təhər tələffüz edib o dəqiqə mənfi şeylərlə əlaqələndiririk. Necə deyərlər, quşun adı çıxınca – canı çıxsa yaxşıdır. Dünyanın çox yerində yaşayan quzğunu deyirəm.

Əslində isə öz həyatıyla yaşayan ən ağıllı quşlardan sayılır quzğun. Hətta ən ağıllısı da demək olar.

Britaniya alimlərini ta qədimdən bekarçılıq üzüb axı. 40 il bundan əvvəl götürüb bir eksperiment keçiriblər. Özü də 600 uşaqla. Uşaqların hərəsinə 1 zefir verib deyiblər ki “Ay uşaqlar, baxın, bu, zefirdir. İstəyirsiz elə indicə yeyin. Amma indi yeməyib bir qədər gözləsəz – əvəzində 2 zefir verəcə…” Elə sözləri ağzında qalmış baxıblar ki, uşaqların əksəriyyəti basıb yeyib zefiri. Sonradan da bəlli olub ki, yeməyib 2 zefir gözləyən uşaqların məktəbdəki nailiyyətləri o biri qarınqululardan daha çox olub. “Bunun quzğunlara nə aidiyyəti?” deyəcəksiz.

Quzğun bilsə (hiss etsə) ki, filan şeyi indi yeməsə bir az vaxt keçdikdən sonra bundan daha çoxunu yeyə biləcək – o həmin an qidadan imtina edib daha çoxunu gözləyəcək və ya seçim nəticəsində daha çox yeməyə sahib ola biləcəksə – mütləq baş sındırıb daha tox variantı seçəcək. Buna da bir eksperiment həsr ediblər hətta: əvvəlcə onlara yem veriblər, bunlar da min bərəkət deyib basıb yeyiblər. Yeyib qurtaran an da içərisi 1001 nemətlə dolu olan böyük qutunu gətirib qoyublar. Bu bir neçə dəfə təkrarlanandan sonra quzğunlar barmaqlarını dişləyiblər ki “ey diliqafil, indi basıb yeyib qarnıvı doyuzdurma, bir az gözlə, daha möhtəşəm yeyib-içmək gələsidi” və gətirilən yeməyə toxunmayıblar. Qutunun gəlməsini gözləyiblər.
Göründüyü kimi, bu testdə uşaqlar quzğunlara 0:1 hesabla uduzublar.

Məşhur bir təmsildən həvəslənərək başqa bir eksperimentdə ciyarı susuzluqdan yanan quzğuna götürüb başı girə bilməyəcək ensiz ağızlı bir qabda su veriblər. Quzğun ürəyində bunu edənə itin sözünü desə də həvəsdən düşməyib. Başlayıb ordan-burdan daş yığıb həmin qabın içinə atmağa və bunun nəticəsində də suyun səviyyəsi yavaş-yavaş qalxıb, quş da bu minvalla susuzluğunu yatırıb. İntellekt mücəssəməsi! Məncə, bundan sonra “quşbeyin” sözünü kompliment kimi istifadə etməliyik.

Çox adamlar qarğa ilə quzğunu səhv salır. Elə hər ikisinə “qarğa” deyirlər. Arada zağca da çujoy poxmel gedir, ona da qarğa gözüylə baxırlar. Əslində isə quzğunun ölçüsü (60 sm) qarğadan (50 sm) daha iridir. Elə çəkisi də daha çoxdur: 1-1,5 kq quzğunda, qarğada isə 700 qram. Quzğunun dimdiyi daha qalındır. Səslərində də fərq var, onu day burda göstərə bilmirəm.

Hər il qapı-qapı gəzən qarğalardan fərqli olaraq quzğunlar tikdikləri yuvaya çox sadiqdirlər. Ona görə də tikinti işlərinə çox məsuliyyətlə yanaşırlar. 1 dəfə “həri”sini aldığı quzğunəsinə ölənə kimi sadiq qalır. İkisindən birinin ölümündən sonra da elə axıradək dul qalırlar.

Canları çox möhkəmdir. Çox nadir hallarda xəstələnirlər. Hətta odlu silahdan da quzğunu hədəfə almaq müşkül məsələdir. Çünki çox uzaq məsafədən belə atəş səsini eşidib həmən uçurlar.

Qarğa-quzğunların 100, 200, 300 il yaşamaqları barədə söhbət boş şeydi. Ən yaxşı halda 50, insan qayğısı sayəsində isə 75 ilədək yaşaya bilərlər.

Canavarlarla əməllicə can-bratdırlar. O da məcbur qalıblar deyə. Hardasa iri heyvan cəmdəyi görəndə haraylayıb canavarları yığırlar başlarına. Çünki öz dimdiklərinin gücü çatmır cəmdəyi deşməyə. Canavarlar da “qara işin” öhdəsindən rahatlıqla gəlirlər, quzğunlarla baş-başa verib nuş edirlər.

Handa bir popuqaydan tez və mərifətli danışmağı öyrənə bilirlər. Özü də ancaq ağzımızdan çıxan sözləri yox. Lazım olanda qurd, başqa quş, hətta krandan axan su səsini də imitasiya edə bilirlər.

Özgə dərdini özünkü kimi qəbul edirlər. Başıqapazlı həmquzğunlarını sakitləşdirib ürək-dirək vermələri insan övladının gözündən yayınmayıb: dimdikləriylə astaca onlara toxunur, tüklərini təmizləyir, uzun müddət yanlarında oturub qalırlar. Amma həm də çox kinli olurlar. Xətirlərinə dəymiş, ümumiyyətlə neqativ saydıqları nəinki quzğunu, hətta insanı belə illər sonra da yaddan çıxarmırlar.

————————————-
https://www.instagram.com/aliakbarphotography

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir