Fotoları çəkdiyim məkan: Serengeti qoruğu (Tanzaniya)

O uşaq vaxtı baxdığımız multfilmlərdə şən, gözüqırpıq, başında bantikli begemotlar var a, baxanda elə bilirsən bu Allahın ən başıaşağı varlığından adama xələl ancaq təsadüfən üstümüzə otursa baş verə bilər – ba onların əlindən ildə 500-dək adam ölür. Yəni bu qələti heç bir özünə hörmət edən akula da eləmir.

 Begemot quruda yaşayan ən zırpı heyvanlardandır. Çəkisi bəzən 4 tonadək olur.

 Yaşlı erkək begemot “uf” da demədən 3 metrlik timsahı tən bölə bilər. Onun dişləminin gücü 230 kiloqrama bərabərdir.

 Bədən ölçüsünə nəzərən begemotun başının ölçüsü ən böyük ölçülərlilərdəndir.

 Suyun altında nəfəsini 5 dəqiqəyədək saxlaya bilir. Suyun üzündə isə rahatca şəllənib saatlarla yatmağı da var.

 Ağzı 120 santimetrədək açılır.

 Həm suyun üzündə, həm də suyun altında özünəməxsus səs çıxara bilirlər. Hər iki halda həm də eşidə bilirlər. Hənirtiləri 15 detsibelə çatır. Bu, rok-konsertdə bağıran kolonkalara qulağı dirəyəndə alınan effektə bərabər bir şeydir.

 Hamiləlik dövrü 8 ay davam edir. Bütün begemotlar suda doğulur. Bala begemotun çəkisi 25-55 kq arası olur.

 Onlara lazım olan qidanı tapmaq üçün begemotlar bir gecədə 10 km məsafəni qət edə bilirlər.

 Ancaq şirin su hövzələrində yaşayan begemotların duzlu sularla araları heç yoxdur.

 Amma filə baxanda çox gözütoxdular. Filin yediyinin 1/6 hissəsini yeyirlər: gün ərzində cəmi 50-cə kq bitki. Bitkiləri də dodağlarıyla qoparırlar, dişlərini istifadə etmədən. Özü də suda bitən bitkilərlə heç vaxt qidalanmırlar.

 Qısa məsafədə begemotlar saatda 30 km sürətlə kimisə qabağına qata bilirlər.

 Yer üzündə ən gönüqalın dəri sahiblərindən biridir bu begemotlar. Bəzən ancaq dərilərinin çəkisi yarım tonadaək olur.

 İsti havada və ya günün altında çox olanda begemotun dərisi çəhrayı rəngə çalmağa başlayır. Bu, zaqar deyil. Bu, dəridən ifraz olunan xüsusi zaddır ki, onu gün işığından qoruyur.

 Bayaq da dediyim kimi, Afrikada insan üçün ən təhlükəli heyvan nə aslan sayılır, nə də timsah. Bu cəhətdən begemot hamısını geridə qoyub. Özlərininsə vəhşi təbiətdə düşməni, demək olar ki, yoxdur. Ancaq bala və zəifləmiş fərdlər aslanların və ya timsahların qurbanı ola bilərlər.

 Vəhşi təbiətdə 45 il, heyvanxanalarda filanda isə daha çox yaşayırlar.

 Yeməksiz 3 həftə qala bilirlər. Mədələrindəki yeyib-içmək 2 günə bəs edir.

Di indi siz deyin: onu bağışlamaq olarmı???

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir