Kinolarda, videolarda gördüyünüz yumru kol kimi bir şey var e, səhra küləyi alır ağuşuna aparır uzaqlara, bax, çox nahaq yerə onu adam yerinə qoymursuz. Elə bilirsiz quru bir şeydi də, diyirlənir özü üçün. Amma yox. Elə deyil söhbət.

Birincisi, onun adı var. Özü də handa bir ad: İerixon qızılgülü.
İkincisi, o, ölü filan da deyil, diridir.
Üçüncüsü, yaşı da bir xeylaqdır, üzü dinozavrlar görüb onun.

Sahara səhrasının və bir çox başqa ərazilərin quraqlıq yerlərində gözümüzün alışdığı əksər bitkilər kimi olur (fotosu – şərhdə). Bir müddət sonra yarpaqları tökülür, başlayır qurumağa. Özü də elə-belə qurumur, budaqları sıx birləşərək kürə halını alır. Qupquru olub artıq məhv olmuş öz köklərindən də ayrılır. Elə həmin an da külək özünü yetirib qatır bunu qabağına.

Bəs niyə kürə şəklinə düşür bu? Düşür ki, içindəki toxumlarını möhkəmcə sıxıb saxlasın. Çox dözümlü, özlərində həyat eşqini qoruyub saxlayan elə o toxumlar qarışıq da gillənə-gillənə gedir axtarışa. Bu gillənmə uzun müddət davam edə bilər. Həmin o ərazilərdə yağış qızıl qiymətinədir, bilirsiz. Yağışdan yaranmış gölməçəni isə tapmaq ayrı bir zülmdür. Amma mümkündür. Əgər ki, onu illərlə, hətta onillərlə, yüzillərlə axtarsan.

Optimist İerixon qızılgülü də belə edir. İllərlə gillənib nəhayət gölməçəni tapır. Tapan kimi də bitki sanki ölümdən qayıdır: bir neçə dəqiqə ərzində qurumuş budaqlar açılır və bitki indi də israrla yağışın yağmasını gözləyir. Gözləyir ki, yağış damcıları onun göz bəbəyi kimi illərdir qoruyub saxladığı toxumlarının üzərinə düşüb onları torpağa salsın.

Bu da baş verdikdən sonra toxumlar sayılı saatlar ərzində cücərib yeni bitkiyə həyat verir. Sonra da bir neçə həftə ərzində onlar çiçəklənib bu uzun və ağır prosesi təkrarlayacaqlar. Buna yüzilliklər lazım gəlsə belə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir