Ana təbiətdə hər bir canlı subaylığın daşını bir cür atır. Kimisi dəridən-qabıqdan çıxaraq, kimisi naz-qozla, kimisininsə heç özünün də xəbəri olmur ki, qəfil ərə gedibmiş (məsələn, bir üzü qız-bir üzü gəlin olan Arqonaft səkkizayaq kimi.

Bu yolda özünü şilküt edən 5-6 sm-lik ölçülü tikanbalığından danışaq. Ümumiyyətlə balıqları, adətən, dilsiz-ağızsız mal kimi bilirlər. Amma bu heç də belə deyildir.

Tikanbalıq məhləbalıqları ilə şad-xürrəm, qayğısız vaxt keçirdiyi moment birdən qəfil cuşa gəlir. Başa düşür ki, vaxtı keçir, “tərpənmək” zamanıdır. Cəld dost-tanış dəstəsindən ayrılıb təkbaşına üz tutur mavi sulara. İlk növbədə yuva qurmaq üçün münasib ərazi seçir. Ev-eşiyi düz-qoş edəndən sonra növbə çatır təzəbəy qiyafəsinə. Özü də bər-bəzəyinə bir qəpik belə xərcləmədən, təbii üsulla olur kukla kimi oğlan: qarın hissəsi al qırmızı rəngə boyanır, belindəki qara ləkələr yığılıb olur cuppulu nöqtələr boyda, dərinin üzgəcçatmaz guşələrindəki eksklüziv mavi kristalların sayəsində bel hissəsi açıq mavi rəngə boyanır.

Bütün bunlar hazır olan kimi yaraşıqlımız “Haydı, qızlar, göyçək təzəbəydən qalmadı, axışın görək” deyib başlayır yuvanın yerləşdiyi ərazi boyunca yuxarı-aşağı üzməyə. Elə ki, gördü subay qızlar buna nəzər saldı – keçir “b” bəndinə: əvvəlcə fırlanıb qızlardan əks istiqamətə üzməyə başlayır, bir az keçəndən sonra isə tikanbalığımız istiqamətini dəyişərək ağzını ayırıb sürətlə üzür qızlara tərəf. Çox vaxt tormozu da tutmayıb şappıltıyla dəyə bilər gələcək övrəti və onun podruqalarına. Amma əksər hallarda seçimi olan xanımın qarşısında dayanır. Bu rəqs hoqqası bir neçə dəfə təkrarlanır. Bu müddət ərzində əsnəməkdən gözləri yaşarmış qızların çoxu “Allah ürəyini çəksin” deyib ərazini tərk də edir. Amma aralarında ərə getməkdən yana sino gedən bir dişi “Öldü var – döndü yoxdur” deyib axıracan kişi qızı kimi dayanıb gözləyir.

Təzəbəy nəhayət şıllaq atıb doyandan sonra xanım tikanbalığı ona yaxınlaşıb bacardığı qədər vertikal vəziyyət alır. Bu da o deməkdir ki, artıq Vağzalı zamanı yetişib.

Təzəbəy tərini silib cumur yuvasına sarı. Tika da düşür onun dalınca. Yuvada min oyundan çıxandan sonra hər ikisi sağollaşıb yenə hərə öz subay həyatına qayıdır. Balalar da yuvada öz xoduyla dünyaya göz açır, atalarının 2-3 dəqiqəlik zaddan ötrü əziyyətlə tikdiyi evi də dəyər-dəyməzinə satıb gedirlər böyüməyə.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir