Dünya, Yaponiya

Dünyanın ən gözəl heyvanı: böyük panda

Böyük Panda və ya bambuk pandası dünyada rəsmən ən gözəl heyvan sayılır! Çinin fəxridi! Göz bəbəyi kimi qorunur. Həm də bəziləri yaxşıca maaş da alırlar. Düzdür, əllərinə gələn ancaq bambuk olur, amma Çinin özü əməllicə qazanır. Deyəcəm bir azdan.

🐼 İlk dəfə biçarə pandanı 1916-cı ildə tutmaq nəsib olub. Amma tez də dünyasını dəyişib.

🐼 Böyük panda – dünyada ən nadir heyvanlardan sayılır. Vəhşi təbitədə yalnız Çinin ərazisində – Sıçuan əyalətində yaşayır.

🐼 Əsasən, axşam və gecə vaxtı aktivləşirlər. Özlüyündə çox təmizkar və susqun heyvandırlar. Nadir hallarda evlənmək könüllərinə düşəndə mələmə səsinə oxşar səs çıxarırlar. Yağışdan zəhlələri gedir.

🐼 Çox ehtiyatlı heyvan olduqlarına görə həmişə insanla təmasdan vaz keçməyə çalışırlar.

🐼 Dik yamaclarda üzüaşağı yuvarlanmağı çox xoşlayırlar. Bu, onlarda vəhşi heyvanlardan qurtulmaq üçün istifadə edilə-edilə xobbiyə çevrilib. Yeri gəlmişkən, əsas düşmənləri bəbirlərdir. Təəccüblü olsa da qəşəng dabanlarına tüpürüb aradan çıxmaqları var.

🐼 Pandanın menyusunu 99% cavan bambuk zoğları (gün ərzində 12-38 kq) təşkil etsə də, arada təzə yarpaq, həşərat, kiçik ölçülü balıq və gəmiricilərdən də dadırlar.

🐼 Pandaların yaxın qohumları Cənubi Amerikadakı eynəkli ayılar sayılır. Hərçənd ki, pandanı ilk dəfə görən alimlər onu nəhəng yenot hesab edirdilər.

🐼 Pandayla insanın genetik kodları 68% oxşardır.

🐼 Böyük pandaların boyları 150-180 sm, çəkiləri 125-150 kiloqramadək olur.

🐼 Günlərinin 12 saatını yeyib-içməyə sərf edib öz çəkilərinin 15%-i qədər azuqəni içəri ötürürlər.

🐼 Başqa ayılardan fərqli olaraq, pandalar qış yuxusuna getmirlər.

🐼 Tək yaşamağı xoşlayırlar. İldə cəmi 3 gün ər həsrətiylə gəzən dişi panda gərək hardasa oturub mələyən gələcək kişisini tapıb, bu 3 gün ərzində özünü ona sırısın.

🐼 Dişi pandanın hamiləliyinə əmin olmaq qəliz məsələdi. Belə ki, onların orqanizmlərində embrional diapauza baş verir ki, bu fenomenin ucbatından panda özünü elə aparır ki, guya hamilədir və bunu hətta qormonların səviyyəsi də təsdiq edir. Axırda da bəlli olur ki, bu, ağ-qara aferistka heç hamilə deyilmiş. Çin zooparkında belə bir hadisə olub vaxtıykən: deməli, pandanın hamilə olduğuna əmin olan zoopark müdiriyyəti sevincək olub onu ayrıca kondisionerli otaq, ən dadlı yeməklərlə, 24 saatlıq qulluqla təmin edib və bir neçə ay ərzində bütün bunları canlı yayımla internet üzərində translyasiya da edibmiş. Panda belə elit şəraitdən nətər hayıl-mayıl olubsa bir neçə ay özünü hamilə kimi aparmağa davam edib: yuxulu gəzirdi, əməllicə astagəlləşmişdi. Axırda görüb day ağ elədi, boynuna alıb ki, hamilə filan deyil. Əvəzində bütün dünyaya məşhurlaşdı.

🐼 Çox vaxt dünyaya əkiz pandacıq gətirirlər. Amma yalnız birinin qayğısına qalırlar. İnsan müdaxiləsi olmasa, o biri bala sağ qalmır. 140 qram çəkisi olan bala 2,5-3 il anasıyla qalır.

🐼 Pandaların vəhşi təbiətdə ümumi sayı 2000 fərdədəkdir. Zoopark filanda isə – 200.

🐼 Çində, bayaq dediyim kimi, 1962-ci ildən pandaları ovlamaq qadağandır. Buna əməl etməyəni ölüm cəzası gözləyir.

🐼 Çin pandaları xarici dövlətlərdəki qoruqlara və zooparklara yalnız icarəyə verir, satmır. İlinə 1 milyon (!) ABŞ dollarına. Həm də bu pandalardan doğulan balalar Çinin xüsusi mülkiyyəti sayılır.

🐼 Ginnesin Rekordlar Kitabında panda zooparkda saxlanılan ən bahalı heyvan kimi göstərilib. Onun saxlanmasına xərclənən vəsait filin xərclərindən 5 dəfə çoxdur.

🐼 Vəhşi təbiətdə 14-20, zoopark və qoruqlarda 26 il yaşayırlar. Rekord 37 yaşlı pandaya məxsusdur.

P.S. Yanlış anlamayın, canlı təbiətdə pandanı görmək hələ nəsib olmayıb. Fotoları Tokio zooparkında çəkmişəm.

Sizə maraqlı ola bilər...

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir