Yaxın oturun, mənim əliəyri şoppana balalarım. Bu gün sizə qaldığınız otellərdən nəyi rəsmi surətdə özünüzlə apara biləcəyiniz barədə xəbər verəcəm. Özü də qorxu-hürküsüz, alnı açıq-üzü ağ, heç yerə gizlətmədən.

Bir dəfə Antalyaya bizlə bərabər o vaxtkı kolleqam da getmişdi həyat yoldaşıyla. Təzə ailə qurmuş cütlüyün bal ayı idi. Antalyada 4 gün qalıb sonra da İstanbula yola düşəndə otel otağlarındakı balışüzünəcən qız yığdı apardı özüylə. Allahaqqı tam bir cehizlik var-dövləti çıxartdı oteldən. Siz belə etməyin.

Nəyi özünüzlə apara bilərsiz?

Tez-tez səyahət edənlərin evində 100% qalaq-qalaq otel sabun-losyonları yığılıb qalıb. Lazım oldu-olmadı adamın əli gəlmir onları oteldə qoyub getməyə. Pul vermişik axı. Həm də cubbulu olurlar, fikirləşirsən rayona filana gedəndə lazım olar. Bunlar otelin ulduzlarının sayından asılı olmayaraq, demək olar ki, istənilən özünə cıqqılı hörmət qoyan hər bir oteldə var. Vicdan əzabı çəkmədən onları rahat apara bilərsiniz. Əl kremi varsa – o da sizindi. Siz Allah götürün.

Həmin bu söhbət şampun və kondisionerlərə də aiddir. Onların üzərində otelin loqotipləri varsa – 100 yox 200% sizindir. Otel buna şəxsən xeyir-duasını verəcək, çünki siz həm də onu reklam etmiş olacaqsız. Eyni şey otağdakı loqotipli qələm-bloknota da aiddir.

Diş pastası, diş fırçası və ya ağız yaxalamaq üçün haqq-hesab varsa – siz Allah, çəkinmədən onları da götürün. Məcbur deyil a. Amma meyliniz çəksə bilin ki, onlar da sizindir.

Üzqırxanın özü və losyonu, saç darağı varsa – götürün. Lazım olmasa belə. Qonum-qonşuya hədiyyə edərsiz. Amma aeroport qaydaları ilə tanış olun, görün onları el çantasına təyyarəyə keçirə biləcəksiz ya baqaja təhvil vermək lazımdır. P.S. Çətin də olsa fenə dəyməyin. Olmaz.

Mən şəxsən qaldığım kasıb ruhlu otellərin heç birində dezodorant görməmişəm. Amma siz imkanlı adamlarsız, qaldığınız adınıza layiq otellərdə dezodorant varsa – aparın. Heç kim buna görə sizə güldən artıq söz deməyəcək.

Olur da hərdən səyahətdə şalvar yamamaq, bekarçılıqdan mayka-tumana naxış tökmək zad keçir adamın könlündən. Bu məqsədlə otellərin əksəriyyətində iynə-sap komplekti də olur. Həmin komplektə sidq ürəklə könül bağlasaz – götürün aparın. Amma yük baqajına təhvil verin ki, aeroportda onları əlinizdən alanda gözünüz arxalarıyca qalmasın.

Ayaqqabı üçün nəzərdə tutulan şotka, krem, nə bilim dabankeş (rojok) və s. varsa – mənimsəyə bilərsiniz. Hətta yüngül otaq başmağlarını da. Ümumiyyətlə ayağa geyiləsi və qulluq ediləsi nə varsa hamısının bir tək yiyəsi var – o da sizsiz. Ayaqqabı rəfindən başqa. Ona dəyməyin. Bir də birdəfəlik istifadə üçün yox – sanballı başmağlardan başqa.

Otağınızdakı istənilən jurnal-qəzet-broşurlarını yol mütaliəsi üçün götürə bilərsiniz (üzərilərində xüsusi sticker yoxdursa). Oxumaqla aranız yoxdursa, evinizdəki hamamda da “Samovar” kolonkası varsa, onu yandırmaq üçün də karınıza gələr.

Paket çay-qənd-qəhvəni, butulkada içməli suyu qara gün üçün ehtiyat naminə özünüzlə apara bilərsiniz. Amma butulkadakı suyu təyyarəyə minənədək için. Özünüz bilirsiz niyə. Çaydana, fincana filana dəyməyin. Yiyələri var və o siz deyilsiz.

Əksəriyyətin pis gözlə baxıb mənimsəmək istədiyi otel xalatları ilə vəziyyət bir az qəlizdir. Bəzi otellerdə onları götürə də bilərsiz, bəzilərində isə yox. Cinayətə imza atıb xalat qurbanı olmamaq üçün, yaxşısı budur, bu barədə otel əməkdaşından xəbər alın. Eyni söhbət çətirlərə də aiddir.

Eksklüziv ləlöyünlər hamam papağı, plastik paket, kibrit, zərflər, tualet kağızı kimi xırda-xuruşları da apara bilərlər.

Allah xatirinə yataq dəstinə, dəsmallara, televizora, asılqanlara, divardakı şəkilə, mebelə, ütüyə, pərdələrə, stolüstü lampaya, oboylara, güzgüyə meyl salmayın. Sizlik deyil.

İndi isə boynunuza alın: siyahıda olmayanlardan nə mənimsəmisiz qaldığınız otellerdən?

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir