Şirinliyi başına bəla olan bədbəxt…

Yazığım gəlir e bu kök lorilərə. Şirinlikləri başlarına bəla olub. Məncə, dünyadakı ən şirin heyvanlardan ən bədbəxtidirlər…

Zahiri görünüşlərinə görə onları evdə saxlamaq istəyənlərin sayı çoxdur. Əsasən də fors xatirinə önlara göz dikən xanımlar. Amma bu, məhz Hindistanın, İndoneziyanın və Çinin tropik meşələrində yaşayıb yaratmaq üçün dünyaya gəlmiş bir heyvandır.

Lorilər Yer üzündəki azsaylı zəhərli məməlilərdən olub, həm də yeganə zəhərli primatdır. Hər kəs də bilmir ki, elə bu səbəbdən də satmamışdan əvvəl lorinin dişlərini keyidici dərmansız-filansız çıxarırlar. Bu da insan övladının oyuncağına çevrilmək üçün yazığın başına gətirilən ilk işgəncədir. Niyə ilk? Çünki lorini ev şəraitində düzgün saxlamaq çox çətindir. Bu barədə bir az sonra.

1812-ci ildə onları ilk dəfə tapan fransız zooloqu Etyen Joffrua Sent-İler lorilərin ən posledniy söyüş-qarğış yiyəsidir yəqin ki. Onun ucbatından günləri-güzaranları yoxdur.

OLYMPUS DIGITAL CAMERA

Bədənləri növündən asılı olaraq 18-38 sm olur, çəkiləri də, ən iri benqal növünün, 1,5 kq-dək, ən kiçiyinin isə – 300 qramadək.

İnsanların onun başına açdıqları oyun azmış kimi, hələ bir adıyla da mırtlaşıblar. “Lori” holland dilindən tərcümədə “təlxək” deməkdir.

Günün çox hissəsini ağaclarda keçirirlər. Gündüzlər yatır, gecələr aktiv həyata başlayırlar.

Ağac qətranı, meyvə, gül nektarı, quş yumurtaları, həşərat və hörümçəklərlə mədələrini aldadan lorilər arabir cubbulu quş və gəmirici də yeyirlər. Özü də ağacda başıaşağı sallanıb yeməyi xoşlayırlar.

Bayaq qeyd etdiyim kimi, əsas marağlı zadı onun zəhərli olmasıdır. Zəhəri də dirsəyindəki xüsusi vəzlər ifraz edir. Lori vəhşi heyvanlardan və parazitlərdən qorunmaq üçün həmin bu zəhəri həm özünün, həm də balalarının baş-gözünə çəkib oturur. Zəhər həm də lorinin ağız nahiyəsində, dişlərində də qala bilər ki, bu da onun dişdəmini təhlükəli edir.
Amma belə baxanda lap da ölümünə təhlükəli deyil bu zəhəri. Məsələn, zooparkda lorinin qəfəsinə barmaq edən bir qadın elə o barmağından dişdəm almışdı. Nəticədə qadın dişdəm yerindəki kəskin ağrılardan bir balaca şikayət etmişdi, vəssalam. Ölüm-itim hadisəsi olmamışdı. Amma bəzi hallarda dişlənmiş obyekt (insan və ya heyvan) anafilaktik şok da keçirə bilər.

Belə özlüyündə zəhərin ifraz olunması çox qəribədir bu lorilərdə. Dirsəydə də zəhər vəzisi olar? Özü də doğulandan 6 həftə sonra artıq bu zəhər sahibi olurlar lorilər.

Loriləri narahat edəndə biçarə həyəcanlanaraq başını aşağı salıb qollarını yuxarı qaldıraraq şəffaf, pis qoxulu zəhərin axmasına şərait yaradır. Bundan sonra da onu boyun-başına sürtüb ona təcavüz edənin iştahının küsməsinə çalışır.
Aşağıda videodan bir screen-shot qoyuram. O videoya bütün dünyada insanlar tamaşa edib bəh-bəh edirdilər. Amma anlamırdılar ki, lorinin qollarını o cür yuxarı qaldırması kiminsə onun qarnını qaşımaqdan yaranan xoşhallıq deyil – qorxu-həyəcandandır.

9 aylıqlarında dişilər erkək fərdlərə xüsusi fermentlər vasitəsilə bildirirlər ki, “göndər elçilərini”. Alimlər hələ güdüb dəqiq qərar qəbul edə bilməyiblər ki, lorilərin hamiləlik dövrü neçə aydır. Bəziləri deyir 3 ay, bəziləri isə – 6 ay. Bir, maksimum iki balası olur. Atası o dəqiqə gedir Rusyətə komandirovkaya, bala(-lar) qalır ananın himayəsində.

Lorilərin satışına rəsmi qadağa var. Amma brakonyerlər buna məhəl qoymurlar. Ev şəraitində lorilərin xasiyyəti də dəyişir, çünki təbiətdə onların alışdığı şəraiti insan övladı heç cürə evdə təşkil edə bilmir. Buna görə də yazıq heyvan şəkər xəstəliyinə tutula bilər, piylənməyə məruz qala bilər, böyrək çatışmamazlığından əziyyət çəkə bilər. Nəticədə də bu cür lorilər vaxtından əvvəl məhv olub gedirlər…

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir