Qoz boyda beyinli, amma dünyalar qədər şirin koala

Çoxları elə bilir koala da ayının hansısa bir növüdür. Ayı filan deyil. Ayıyla ümumiyyətlə heç bir əlaqəsi yoxdur. Bir balaca yaxın fason qohumu vombatdır.

🐨 Avstraliyada yaşayan koala ancaq ağacdan-ağaca dırmaşmaq üçün lövbərini tərpədib aşağı düşür. 14 kq çəkili bu kisəli ağacın ən yüksək budağlarında necə səssiz-səmirsiz yaşayırsa, hətta Avstraliyaya ilk dəfə qədəm qoyanlar da yalnız 30 ildən sonra bunlardan xəbər tutublar.

🐨 Beyinləri qoz boydadı. Bədən ölçülərinin cəmi 0,2%-ni təşkil edir. Üzlərinə demək olmasın, heyvanat aləmində ən tupoylardan sayılırlar. Elə üz ifadəsi də bunu deyir.

🐨 Dişi koalanın, kenqurudakı kimi, balasını yerbəyer etmək üçün kisəsi var. Hamiləlik dövrü cəmi 1 aydır. Bədən ölçüsü 15-18 mm olan bala koala 6 ayadək bu kisədə, daha sonra bir o qədər də anasının belində keyfə baxır. Balaları ilə bağlı 1 ləyaxsız fakt var, onu yazmıram ki, peşman olmayasız.

🐨 Başqa məməlilərdən fərqli olaraq, koalalarda insanlardakı kimi barmaq izləri var.

🐨 Dalıycan danışmaq olmasın, ərincək kimi koala da günün 18 saatını yatır. Yatmasalar da elə oturduğları yerdə 18 saat tərpənmədən mıxlanıb qalırlar. Buna səbəb də elə həminkidir: qida rasionları 100% evkalipt yarpaqlarından ibarət olduğu üçün. Gec həzm olunur, tərkibində çoxlu sellüloz və çox az faydalı zadlar var. 1 günə 1 kq-dək yarpaq yeyirlər. Su zad da içmirlər. Maye tələbatlarını elə yarpaqla yola verirlər.

🐨 Yeri gəlmişkən, evkaliptin yarpağı başqa heyvanlar üçün ölümünə təhlükəli sayılan maddələrlə vız vurur. Amma koala da az aşın kisəlisi deyil, 1000-dək növ evkalipt içindən onlar yalnız tərkibində daha az zəhərli maddələri olan 120-i ilə qidalanırlar. Hərdən adama çatmır, böyür-baş doludur 1001 nemətlə, vacibdi ki, elə o evkalipti yeyəsiz?

🐨 Bekarçılıqdan həm erkək koalalarda, həm də dişilərdə bir cüt cinsi orqan olur. Qoşa-qoşa. Nəmm niyə. Buna baxmayaraq o günkü siçanlardan fərqli olaraq, tezbazar 20-30 saniyəyə gələcək nəsli düz-qoş edirlər. Çünki daha vacib işləri var: yatmaq.

🐨 Elə də çox yaşamırlar, 11-13 il. Çox nadir hallarda 20 il. Vaxtından əvvəl ölümlərinə səbəb yanğınlar, avtomobillər və xəstəliklər olur. Yanğın zamanı çox vaxt insanların yaşadıqları yerə sığınacaq üçün gəlirlər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir